< Zəbur 114 >
1 İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2 Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu.
3 Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi.
4 Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı.
5 Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin?
6 Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız?
7 Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8 Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.