< Zəbur 111 >
1 Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
2 Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür.
3 Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır.
4 Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir,
5 Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır.
6 Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi.
7 Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır.
8 Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır.
9 Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir.
10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun!