< Zəbur 110 >
1 Davudun məzmuru. Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur».
2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.
3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.
4 Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».
5 Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq.
6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək.
7 Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək.