< Zəbur 101 >
1 Davudun məzmuru. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2 Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam,
3 İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın.
4 Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam.
5 Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.
6 Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
7 Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram.
8 Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.