< Zəbur 1 >
1 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2 O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
3 Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.
4 Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5 Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz.
6 Çünki Rəbb salehlərin yolunu bilər, Pislərin yolu isə məhv olar.