< Süleymanin Məsəlləri 9 >
1 Hikmət evini qurub, Yeddi dirəyini yonub,
2 Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib.
3 Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər:
4 «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:
5 «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
6 Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.
12 Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
13 Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır.
14 O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15 Yoldan ötənləri, Düz yolda olanları çağırır:
16 «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir:
17 «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var».
18 Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. (Sheol )