< Süleymanin Məsəlləri 4 >
1 Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
2 Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
3 Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
4 Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
5 Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
6 Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
7 Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
8 Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar.
9 O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar».
10 Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan.
11 Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm.
12 Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz.
13 Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır.
14 Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə.
15 Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç.
16 Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.
17 Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər.
18 Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
19 Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.
20 Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as.
21 Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru.
22 Çünki onları tapanlar Həyat və cansağlığı tapar.
23 Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur.
24 Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır.
25 Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal.
26 Getdiyin yolu düzəlt, Yollarını sahmana sal.
27 Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək.