< Süleymanin Məsəlləri 3 >
1 Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.
2 Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.
3 Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
4 Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
5 Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
6 Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
7 Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
8 Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar.
9 Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
10 Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
11 Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.
12 Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
13 Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
14 Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
15 Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
16 Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
17 Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
18 Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
19 Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
20 Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
21 Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
22 Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
23 O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
24 Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
25 Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
26 Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
27 Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
28 İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
29 Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
30 Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
31 Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
32 Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
33 Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
34 Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
35 Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.