< Süleymanin Məsəlləri 21 >
1 Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər.
2 İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar.
3 Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
4 Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır.
5 Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
6 Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7 Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8 Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10 Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
11 Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
12 Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
13 Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
14 Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
15 Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
16 Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
17 Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
18 Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19 Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20 Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21 Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22 Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
23 Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
24 Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
25 Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
26 Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar.
27 Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir.
28 Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar.
29 Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər.
30 Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.
31 Atlar döyüş günü üçün hazırlanar, Amma zəfəri Rəbb qazandırar.