< Süleymanin Məsəlləri 17 >
1 Quru bir loğması olan dinc ev Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.
2 Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar.
3 Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar.
4 Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5 Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
6 Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
7 Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8 Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9 Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
10 Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
11 Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər.
12 Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
13 Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz.
14 Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et.
15 Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır.
16 Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz.
17 Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular.
18 Qanmaz başqası ilə əlbir olar, O, qonşusuna zamin durar.
19 İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər.
20 Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar.
21 Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər.
22 Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar.
23 Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.
24 Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar.
25 Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar.
26 Saleh insanı cərimə etmək yaxşı deyil, Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.
27 Çoxbilən az danışar, Müdrik həlimlik ruhunda olar.
28 Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, Ağzını yumsa, dərrakəli görünər.