< Süleymanin Məsəlləri 15 >
1 Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar.
2 Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər.
3 Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar.
4 Şəfa gətirən dil həyat ağacıdır, Əyri dil ürək qırar.
5 Səfeh ata tərbiyəsini ələ salar, Məzəmməti qəbul edən uzaqgörən olar.
6 Salehin evində böyük xəzinə yaşar, Şər insanın isə gəlirində əzab var.
7 Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir.
8 Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır.
9 Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər.
10 Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr.
11 Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. (Sheol )
12 Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz.
13 Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar.
14 Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar.
15 Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var.
16 Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır.
17 Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır.
18 Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar.
19 Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur.
20 Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar.
21 Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər.
22 Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar.
23 İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!
24 Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər. (Sheol )
25 Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar.
26 Pislərin məqsədləri Rəbdə ikrah yaradar, Ona xoş gələnlərin sözlərini təmiz sayar.
27 Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar.
28 Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər.
29 Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar.
30 Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər.
31 Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar.
32 Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar.
33 Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.