< Süleymanin Məsəlləri 11 >
1 Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar.
2 Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr.
3 Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar.
4 Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
5 Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
6 Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
7 Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
8 Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
9 Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
10 Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
11 Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.
12 Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.
13 Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar.
14 Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar.
15 Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.
16 Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
17 İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18 Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19 Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20 Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21 Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22 Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23 Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24 Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
25 Comərd bolluğa yetişər, Su verənə su verilər.
26 Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
27 Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.
28 Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər.
29 Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar.
30 Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
31 Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər!