< Saylar 32 >
1 Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər.
2 Qadlılarla Ruvenlilər gəlib Musaya, kahin Eleazara və icmanın rəhbərlərinə dedilər:
3 «Atarot, Divon, Yazer, Nimra, Xeşbon, Elale, Sevam, Nevo və Beon
4 Rəbbin İsrail icmasına təslim etdiyi bu ölkə heyvan otarmaq üçün münasib yerdir; qullarının da heyvanları var».
5 Sonra əlavə etdilər: «Əgər biz sənin gözündə lütf tapmışıqsa, qoy bu torpaq mülk olaraq biz qullarına verilsin. Bizi İordandan o taya keçirməyin».
6 Musa cavab verdi: «İsrailli qardaşlarınız döyüşməyə gedərkən siz buradamı qalmaq niyyətindəsiniz?
7 Nə üçün çayı keçib Rəbbin onlara verdiyi torpağa getmək üçün İsrail övladlarını ruhdan salırsınız?
8 Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər.
9 Onlar Eşkol vadisinə çatıb torpağı gördülər, lakin İsrail övladlarını ruhdan saldılar ki, Rəbbin verdiyi torpağa girməsinlər.
10 O gün Rəbbin qəzəbi alovlandı və and içib dedi:
11 “Misirdən çıxan iyirmi və ondan yuxarı yaşda olan adamların heç biri İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim torpağı heç vaxt görməyəcək, çünki onlar Mənim yolumda sədaqətlə getmədilər.
12 Ancaq Qenizli Yefunne oğlu Kalev və Nun oğlu Yeşua bu torpağı görəcək, çünki onlar yolumda sədaqətlə getdilər”.
13 Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi.
14 Budur, atalarınızın yerinə siz – günahlılar nəsli qalxaraq Rəbbin qızğın qəzəbini İsrailə qarşı daha da alovlandırırsınız.
15 Əgər siz indi Rəbbin ardınca getməkdən dönsəniz, O bütün bu xalqı yenə də səhrada atacaq, siz də onların ölümünə səbəb olacaqsınız».
16 Ruvenlilərlə Qadlılar Musaya yaxınlaşıb dedilər: «Burada sürülərimiz üçün ağıllar, övladlarımız üçün şəhərlər tikəcəyik.
17 Biz isə silahlanıb İsrail övladlarının qabağında getməyə hazırıq. Onlar vəd olunmuş torpağa daxil olana qədər onları tərk etmərik. Uşaqlarımız isə qoy möhkəmlənmiş şəhərlərdə qalsınlar ki, bu torpağın sakinlərindən qorunsunlar.
18 İsrail övladlarından hər biri öz irsini alana qədər evlərimizə qayıtmayacağıq.
19 Biz onlarla birlikdə İordanın o biri tayındakı torpaqdan irs istəməyəcəyik, çünki bizim payımız İordanın şərq tərəfinə düşdü».
20 Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz
21 və Rəbb düşmənlərini hüzurundan qovana qədər hamınız Onun hüzurunda İordanın o biri tayına silahlı olaraq keçsəniz,
22 bu torpaq Rəbbin önündə sizə tabe olarsa, onda qayıda bilərsiniz. Rəbbin və İsrailin qarşısında borclarınızı yerinə yetirmiş olarsınız. Onda bu torpaq Rəbbin təsdiqi ilə sizin mülkünüz olacaq.
23 Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.
24 Uşaqlarınız üçün şəhərlər, sürüləriniz üçün ağıllar düzəldin. Lakin vədinizi yerinə yetirin».
25 Qadlılarla Ruvenlilər Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edərik.
26 Arvadlarımız, uşaqlarımız, qoyun-keçi və mal-qaramız, burada – Gilead şəhərlərində qalacaq.
27 Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq».
28 Musa onların haqqında kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladlarının qəbilə başçılarına əmr etdi.
29 Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin.
30 Lakin əgər onlar silahlanıb sizinlə çayın o biri tayına keçməsələr, onlar sizin aranızda – Kənan torpağında miras alacaqlar».
31 Qadlılar və Ruvenlilər belə cavab verdilər: «Rəbb sənin qullarına necə deyibsə, biz də elə edərik.
32 Biz Rəbbin hüzurunda silahlanıb çaydan Kənan torpağına keçəcəyik, lakin bizim miras aldığımız torpaq İordanın bu tayında olsun».
33 Musa Emorlular padşahı Sixonun ölkəsini, Başan padşahı Oqun ölkəsini bütün ətraf şəhərləri və torpaqları ilə birlikdə Ruvenlilərlə Qadlılara və Menaşşe qəbiləsinin yarısına verdi.
34 Qadlılar möhkəmlənmiş şəhərlər olaraq Divonu, Atrotu, Aroeri,
35 Atrot-Şofanı, Yazeri, Yoqbohanı,
36 Bet-Nimranı və Bet-Haranı bərpa etdilər və sürülər üçün ağıllar düzəltdilər.
37 Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi,
38 Nevonu, Baal-Meonu – onların adları sonra dəyişdirildi – və Sivmanı bərpa etdilər. Yenidən tikdikləri şəhərlərə başqa adlar qoydular.
39 Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər.
40 Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar.
41 Menaşşe nəslindən olan Yair gedib Emorluların kəndlərini alaraq adlarını Xavvot-Yair qoydu.
42 Novah isə gedib Qenatı və ətrafdakı qəsəbələri aldı. Oranı da öz adı ilə Novah adlandırdı.