< Saylar 31 >
1 Rəbb Musaya belə dedi:
2 «İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan».
3 Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar.
4 İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin».
5 Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi.
6 Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü.
7 Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar.
8 Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.
9 Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər.
10 Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular.
11 İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər.
12 Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər.
13 Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar.
14 Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib
15 «Bütün qadınları nə üçün sağ saxladınız?» dedi.
16 «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi.
17 İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün.
18 Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın.
19 Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin.
20 Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin».
21 Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir.
22 Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu,
23 oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.
24 Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin».
25 Rəbb Musaya dedi:
26 «Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın.
27 Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün.
28 Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın.
29 Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin.
30 O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin».
31 Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər.
32 Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi,
33 72 000 mal-qara,
34 61 000 eşşək,
35 kişi ilə yaxınlıq etməmiş 32 000 qız.
36 Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi,
37 bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi;
38 36 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı;
39 30 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı;
40 16 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı.
41 Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi.
42 Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır:
43 İcmaya düşən yarı pay 337 500 qoyun-keçi,
44 36 000 mal-qara,
45 30 500 eşşək,
46 16 000 insan.
47 Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi.
48 Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər:
49 «Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir.
50 Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək».
51 Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı;
52 minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi.
53 Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü.
54 Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər.