< Saylar 24 >
1 Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi.
2 Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi.
3 O, gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı,
4 Allahın sözlərini eşidən, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
5 “Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir!
6 Yayılırlar vadilər tək, Çay kənarındakı bağ-bağçalar tək, Rəbbin bitirdiyi əzvay ağacları tək, Çay kənarındakı sidr ağacları tək.
7 Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq.
8 Allah onları Misirdən çıxartdı; Onların çöl öküzü kimi qüvvəti var. Onlar düşmən millətləri yeyib qurtaracaq. Sümüklərini qıracaq, Oxları ilə onları dələcək.
9 Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”»
10 Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən.
11 İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi».
12 Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi,
13 Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.
14 İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».
15 Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı,
16 Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
17 “Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.
18 Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək.
19 Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”».
20 Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».
21 Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub.
22 Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız».
23 Bilam gələcəkdən xəbər verməyə belə davam etdi: «Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək?
24 Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq».
25 Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi.