< Saylar 17 >
1 Rəbb Musaya belə dedi:
2 «İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz.
3 Harunun adını Levi əsasının üzərinə yaz ki, hər qəbilə başçısı üçün bir əsa olsun.
4 Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.
5 O zaman seçəcəyim adamın əsası tumurcuqlayacaq və İsrail övladlarının sizə qarşı sürəkli deyinmələrinə son qoyacağam».
6 Musa İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi.
7 Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu.
8 Ertəsi gün Musa Şəhadət çadırına girdi və gördü ki, Levi nəslini təmsil edən Harunun əsası tumurcuqlayıb. Budur, tumurcuq qönçələnmiş, çiçək açmış və badam yetişdirmişdi.
9 Musa əsaların hamısını Rəbbin hüzurundan bütün İsrail övladlarının qarşısına çıxardı. Əsalara baxdılar və hər kəs öz əsasını götürdü.
10 Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər».
11 Musa Rəbbin əmr etdiyinə əməl etdi.
12 İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq!
13 Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»