< Mikeya 1 >
1 Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.
2 Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin.
3 Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir.
4 Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq.
5 Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?
6 «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam.
7 Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək».
8 Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam.
9 Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb.
10 Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın.
11 Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək.
12 Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
13 Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz!
14 Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq.
15 Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.
16 Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!