< Mikeya 6 >
1 Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin!
2 Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir.
3 Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver!
4 Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum.
5 Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».
6 Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı?
7 Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi?
8 Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
9 Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin!
10 Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur?
11 Saxta tərəzi və aldadıcı çəki daşlarından İstifadə edəni haqlı sayarammı?
12 Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır.
13 Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım.
14 Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm.
15 Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.
16 Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz, Onların məsləhətinə görə getmisiniz, Buna görə də sizi viranəliyə döndərəcəyəm, Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm, Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».