< Matta 18 >
1 Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?»
2 İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu.
3 O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz.
4 Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur.
5 Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər.
6 Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.
7 İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir!
8 Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. (aiōnios )
9 Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır. (Geenna )
10 Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür.
11
12 Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi?
13 Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər.
14 Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın.
16 Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”.
17 Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
18 Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq.
19 Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək.
20 Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
21 O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?»
22 İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
23 Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir.
24 Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi.
25 Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin.
26 Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”.
27 Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.
28 Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı.
29 Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı.
30 O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı.
31 Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.
32 Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın.
33 Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?”
34 Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi.
35 Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».