< Matta 11 >
1 İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi.
2 Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib
3 Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
4 İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin:
5 korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
6 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
7 Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
8 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.
9 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
10 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”.
11 Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.
12 Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir.
13 Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.
14 Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur.
15 Qulağı olan eşitsin!
16 Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir.
17
18 Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”.
19 Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
20 Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı.
21 «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər.
22 Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq.
23 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. (Hadēs )
24 Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».
25 O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.
26 Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi.
27 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.
28 Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.
29 Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
30 Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».