< Mark 7 >
1 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı.
2 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.
3 Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər.
4 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar.
5 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?»
6 İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır.
7 Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.
8 Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».
9 Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız!
10 Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.
11 Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”,
12 onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin.
13 Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».
14 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin.
15 Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır».
16
17 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular.
18 İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz?
19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi.
20 O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır.
21 Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik,
22 zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar.
23 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
24 İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.
25 Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.
26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.
27 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».
28 Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».
29 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi».
30 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
31 İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı.
32 Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.
33 İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.
34 Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»
35 O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.
36 İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar.
37 Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».