< Luka 18 >
1 İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
2 O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi.
3 Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”.
4 Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm,
5 bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”».
6 Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin.
7 Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?
8 Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
9 Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi:
10 «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi.
11 Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm.
12 Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.
13 Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!”
14 Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
15 Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər.
16 Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
17 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
18 Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios )
19 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.
20 Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”».
21 Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
22 İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
23 Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.
24 İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!
25 Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26 Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»
27 O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28 Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,
30 bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». (aiōn , aiōnios )
31 İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.
32 Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək
33 və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».
34 Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.
36 Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?»
37 Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».
38 Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»
39 Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
40 İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:
41 «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
42 İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».
43 Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.