< Levililər 22 >
1 Rəbb Musaya dedi:
2 «Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.
3 Onlara de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.
4 Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs,
5 onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəs də –
6 belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs yeməkdən yeməsin.
7 Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir.
8 Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm.
9 Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.
10 Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin.
11 Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər.
12 Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin.
13 Amma dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz.
14 Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə edərək əvəzini kahinə qaytarsın.
15 Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ləkələməsinlər.
16 Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».
17 Rəbb Musaya dedi:
18 «Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim
19 sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun.
20 Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.
21 Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.
22 Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.
23 Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.
24 Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin.
25 Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».
26 Rəbb Musaya dedi:
27 «Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın. Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər.
28 Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin.
29 Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun.
30 Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb Mənəm.
31 Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.
32 Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.
33 Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».