< Levililər 18 >
1 Rəbb Musaya dedi:
2 «İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm.
3 Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın;
4 Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm.
5 Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.
6 Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm.
7 Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma.
8 Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur.
9 Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.
10 Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.
11 Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.
12 Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.
13 Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.
14 Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.
15 Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.
16 Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.
17 Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.
18 Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19 Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.
20 Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.
21 Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.
22 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.
23 Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.
24 Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb,
25 torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm.
26 İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin.
27 Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar.
28 Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq.
29 Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.
30 Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».