< Mərsiyələr 4 >
1 Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar.
2 Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar.
3 Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır.
4 Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur.
5 Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar.
6 Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi, Bu şəhər əl toxunmadan Bir andaca yerlə yeksan oldu.
7 Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi.
8 İndisə üzləri kömür kimi qaralıb, Küçələrdə heç birini tanımaq olmur, Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb, Ağac kimi quruyub.
9 Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb.
10 Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi. Əziz xalqım qırılarkən Balalarının ətini yeyirdi.
11 Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı.
12 Dünyada heç bir padşah inanmazdı ki, Yerusəlimin darvazalarından keçib Yağılar və düşmənlər Bu şəhəri zəbt edər.
13 Bu iş şəhərdə salehlərin qanının tökülməsi Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,
14 Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz.
15 İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»
16 Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir.
17 Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.
18 Ardımızca düşmən düşüb, Küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi.
19 Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər.
20 Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq».
21 Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan.
22 Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq.