< Hakimlər 9 >
1 Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi:
2 «Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”».
3 Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər.
4 Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər.
5 Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi.
6 Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi.
7 Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin.
8 Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”.
9 Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?”
10 Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”.
11 Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?”
12 Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”.
13 Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?”
14 Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”.
15 Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”.
16 Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi?
17 Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı.
18 Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır.
19 Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin.
20 Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin».
21 Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı.
22 Avimelek üç il İsrail üzərində başçılıq etdi.
23 Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar.
24 Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın.
25 Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər.
26 Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi.
27 Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular.
28 Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik?
29 Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!»
30 Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı.
31 Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar.
32 İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun.
33 Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et».
34 Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular.
35 Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar.
36 Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan».
37 Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir».
38 O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş».
39 Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü.
40 Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi.
41 Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu.
42 Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi.
43 O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi.
44 Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı.
45 Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi.
46 Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər.
47 Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər.
48 Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin».
49 Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü.
50 Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı.
51 Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar.
52 Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı.
53 Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi.
54 Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü.
55 İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı.
56 Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi.
57 Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü.