< Hakimlər 8 >
1 Efrayimlilər Gideona dedilər: «Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?» Bundan ötrü onunla kəskin mübahisə etdilər.
2 Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi?
3 Midyan başçıları olan, Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin gördüyünüz işlərin yanında mən nə edə bilmişəm?» Bunu deyəndən sonra Efrayimlilərin ona olan qəzəbi yatdı.
4 Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri təqib etməkdə davam edirdilər.
5 O gəlib Sukkot adamlarının yanına çataraq dedi: «Rica edirəm, arxamca gələn adamlara bir parça çörək verin, çünki taqətdən düşüblər. Mən isə Midyan padşahları Zevah və Salmunnanın ardınca qaçıram».
6 Sukkot başçıları ona dedilər: «Zevah və Salmunnanın biləyi indi sənin əlindədir ki, sənin döyüşçülərinə çörək verək?»
7 Gideon onlara dedi: «Elə buna görə sizə deyirəm ki, Rəbb Zevah və Salmunnanı mənə təslim edəndə çölün tikanları və kolları ilə ətinizi didəcəyəm».
8 Oradan gəlib Penuelə çıxdı və oradakılardan da eyni şeyi istədi. Sukkot sakinləri necə ona cavab vermişdilərsə, Penuel sakinləri də ona elə cavab verdilər.
9 Gideon Penuel sakinlərinə isə belə dedi: «Sağ-salamat geriyə qayıtdığım zaman bu qülləni dağıdacağam».
10 Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.
11 Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi.
12 Zevah və Salmunna qaçdı. Gideon isə onları təqib etdi. O, Midyanın iki padşahı Zevahla Salmunnanı tutub bütün ordunu məğlub etdi.
13 Yoaş oğlu Gideon Xeres keçidi ilə döyüşdən qayıtdı.
14 Sukkot sakinlərindən bir cavanı tutub ondan söz aldı. O da ona Sukkot başçısı olan yetmiş yeddi ağsaqqalın adını yazıb verdi.
15 Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!»
16 Sonra o, şəhər ağsaqqallarını topladı və Sukkot sakinlərini çöl tikanları və kollarla döyərək tənbeh etdi.
17 Bundan sonra da gəlib Penuel qülləsini dağıtdı və şəhərin sakinlərini qırdı.
18 Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı».
19 Gideon dedi: «Onlar mənim qardaşlarım, anamın oğulları idi. Var olan Rəbb haqqı, əgər siz onları sağ buraxsaydınız, mən də sizi öldürməzdim».
20 İlk oğlu Yeterə dedi: «Qalx onları öldür». Lakin oğlan qılıncını çəkmədi, çünki hələ cavan olduğuna görə qorxurdu.
21 Zevah və Salmunna dedilər: «Dur, bizi sən vur, çünki kişi güclü olar». Gideon qalxıb Zevahla Salmunnanı öldürdü və sonra onların dəvələrinin boyunlarından asılan ayparalarını götürdü.
22 İsraillilər Gideona dedilər: «Sən, oğlun və nəvən bizə hakimlik edin. Çünki bizi Midyanın əlindən sən qurtardın».
23 Gideon onlara dedi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək».
24 Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar.
25 Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı.
26 Ayparalardan, boyunbağılardan, Midyan padşahlarının əynindəki tünd qırmızı paltarlardan və dəvələrin boynundakı zəncirlərdən əlavə bu qızıl sırğaların çəkisi min yeddi yüz şekel gəlirdi.
27 Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.
28 Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı.
29 Yoaş oğlu Yerub-Baal qayıdıb yenə öz evində yaşadı.
30 Onun belindən gələn yetmiş oğlu var idi, çünki arvadı çox idi.
31 Şekemdə olan cariyəsi də ona bir oğul doğdu və Yerub-Baal onun adını Avimelek qoydu.
32 Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu.
33 Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər.
34 İsrail övladları ətraflarındakı bütün düşmənlərinin əlindən onları azad edən özlərinin Allahı Rəbbi yada salmadılar.
35 Yerub-Baalın, yəni Gideonun İsraillilərə etdiyi bütün xeyirxahlığın əvəzinə onun nəsli ilə yaxşı rəftar etmədilər.