< Hakimlər 5 >
1 Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:
2 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!
3 Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər! Mən Rəbbi tərənnüm edəcəyəm, İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm!
4 Ya Rəbb, Sən Seirdən çıxarkən, Edom çölündən keçərkən Yer titrədi, göylər damdı. Bəli, buludlardan sular axdı.
5 Sina dağına sahib olan Rəbbin qarşısında, İsrailin Allahı Rəbbin qarşısında Dağlar titrədi.
6 Anat oğlu Şamqar zamanında, Həm də Yael zamanında Karvanlar buraya gəlişini kəsdi, Səyyahlar dolanbac yollarla getdi.
7 Mən Devora ayağa qalxanadək, İsraildə ana kimi meydana çıxanadək İsraildə kəndlilər artıq yaşamırdı.
8 İsraillilər yeni allahlar seçərkən Döyüşlər darvazalardan keçdi. O zaman qırx min İsraillinin əlində Nə nizə, nə də ki qalxan göründü.
9 Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin!
10 Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər, Ey əlvan xalılar üstündə əyləşənlər, Ey bütün yoldan keçənlər!
11 Oxatanların səs-küyündən uzaqda, Su çəkənlər arasında – Orada Rəbbin zəfərlərindən, İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək. O zaman Rəbbin xalqı darvazalara endi.
12 Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!
13 O zaman sağ qalanlar əyanların yanına endi. Rəbbin xalqı cəngavər tək yanıma endi.
14 Amaleq soyundan olanlar Efrayimdən gəldi, Sənin ardınca gələn xalq arasında Binyamin də var idi. Makirdən əmirlər, Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər.
15 İssakardakı ağalar Devora ilə gəldilər. İssakar necədirsə, Baraq da elə idi, Onun ardınca vadiyə hücum çəkirdilər. Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
16 Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün Niyə ağıllar arasında qaldınız? Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
17 Gilead xalqı İordan çayının o tayında qaldı. Bəs niyə Dan gəmilərin yanında sakin oldu? Aşer dənizlərin sahilində qaldı, Öz limanlarında məskən saldı.
18 Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu.
19 O zaman padşahlar gəlib vuruşdular. Taanakda, Megiddo suları kənarında Kənan padşahları vuruşdular. Nə gümüş, nə də qənimət alan oldu.
20 Ulduzlar göydən döyüşdü, Sisraya qarşı öz dövrəsində döyüşdülər.
21 Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get!
22 O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar.
23 Rəbbin mələyi dedi: «Meroza lənət edin, Onun xalqına ağır lənət söyləyin. Çünki Rəbbin köməyinə, Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər».
24 Qenli Xeverin arvadı Yael Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın, Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun!
25 Su istəyəndə Sisra Yael ona süd verdi. Ağalara layiq bir camda ayran verdi.
26 Sol əlinə payanı, Sağ əlinə isə işçi toxmağını götürdü, Onlarla Sisranı vurdu, başını əzdi. Sındırıb gicgahlarını, deşib yerə keçirtdi.
27 O yıxılıb ayaqlar altına sərildi, Yerə döşəndi, O yıxılıb ayaqlar altına sərildi, Yıxıldığı yerə sərilib öldü.
28 Sisranın anası məhəccər arxasından, Pəncərədən nigaran-nigaran baxıb çığırdı: «Nə üçün onun döyüş arabası bu qədər gecikir? Döyüş arabalarının səsi axı niyə ləngiyir?»
29 Müdrik əsilzadə xanımlar ona cavab verirdi, O da öz-özünə təkrar-təkrar deyirdi:
30 «Bəlkə qənimət malını tapıb bölüşdürürlər, Yəqin ki hər igidə bir-iki qız düşür. Sisraya talan malından düşür əlvan geyimlər, Bəli, talan malından naxışlı əlvan geyimlər. Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər, Talançıların boyunları üçün İki tərəfdən əlvan naxışlı geyimlər».
31 Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur! Bundan sonra ölkə qırx il rahat yaşadı.