< Hakimlər 12 >
1 Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq».
2 İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız.
3 Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?»
4 İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!»
5 Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi,
6 o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı.
7 İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu.
8 Ondan sonra Bet-Lexemli İvsan İsraildə hakimlik etdi.
9 Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi.
10 Sonra İvsan öldü və Bet-Lexemdə dəfn olundu.
11 Ondan sonra Zevulunlu Elon on il İsraildə hakimlik etdi.
12 Zevulunlu Elon da öldü və Zevulun torpağında, Ayyalonda dəfn olundu.
13 Ondan sonra Piratonlu Hillel oğlu Avdon İsraildə hakimlik etdi.
14 Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi.
15 Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu.