< Yeşua 20 >
1 Rəbb Yeşuaya dedi:
2 «İsrail övladlarına söylə: “Özünüz üçün Musa vasitəsilə dediyim sığınacaq şəhərləri seçin ki,
3 bilmədən, səhvən bir adamı öldürən qatil oraya qaçsın. Ora sizin üçün qan qisasını alan adamdan sığınacaq yeri olsun.
4 Qoy qatil bu şəhərlərdən birinə qaçsın, şəhər qapısının girəcəyində dursun. Orada o şəhərin ağsaqqallarına öz əməlini söyləsin. Onlar da onu şəhərə, yanlarına aparsınlar və yer versinlər ki, onlarla yaşasın.
5 Əgər qan qisası alan onu təqib edərsə, o zaman qatili ona təslim etməsinlər, çünki qonşusunu bilmədən öldürmüşdür, əvvəldən onunla ədavəti yox idi.
6 Bu adam icma qarşısında hökm alana qədər və o dövrdə olan baş kahinin ölümünə qədər qoy bu şəhərdə yaşasın. Bundan sonra qatil qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».
7 Sığınacaq şəhər üçün Qalileyada, Naftalinin dağlıq bölgəsində Qedeşi, Efrayimin dağlıq bölgəsində Şekemi və Yəhudanın dağlıq bölgəsində Qiryat-Arbanı, yəni Xevronu ayırdılar.
8 İordan çayının şərqində, Yerixonun şərqində isə Ruven qəbiləsinin torpağından yaylada yerləşən səhradakı Beseri, Qad qəbiləsinin torpağından olan Gileaddakı Ramotu, Menaşşe qəbiləsindən olan Başanda Qolanı ayırdılar.
9 Bilmədən qətl edən hər bir kəs oraya qaçsın və icma qarşısında dayananadək qan qisasını alanın əli ilə öldürülməsin deyə bütün İsraillilərlə aralarında yaşayan yadellilər üçün təyin olunan şəhərlər bunlar idi.