< Yeşua 18 >
1 Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi.
2 İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı.
3 Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz?
4 Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər.
5 Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın.
6 Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam.
7 Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».
8 Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam».
9 Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar.
10 Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.
11 İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi.
12 Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı.
13 Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi.
14 Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi.
15 Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı.
16 Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı,
17 sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi,
18 sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi.
19 Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi.
20 Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.
21 Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis,
22 Bet-Arava, Semarayim, Bet-El,
23 Avvim, Para, Ofra,
24 Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər;
25 Giveon, Rama, Beerot,
26 Mispe, Kefira, Mosa,
27 Reqem, İrpeel, Tarala,
28 Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.