< Yeşua 12 >
1 İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.
2 Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,
3 şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.
4 Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.
5 O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.
6 Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
7 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:
8 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.
9 Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;
10 Yerusəlim padşahı; Xevron padşahı;
11 Yarmut padşahı; Lakiş padşahı;
12 Eqlon padşahı; Gezer padşahı;
13 Devir padşahı; Geder padşahı;
14 Xorma padşahı; Arad padşahı;
15 Livna padşahı; Adullam padşahı;
16 Maqqeda padşahı; Bet-El padşahı;
17 Tappuah padşahı; Xefer padşahı;
18 Afeq padşahı; Laşşaron padşahı;
19 Madon padşahı; Xasor padşahı;
20 Şimron-Meron padşahı; Akşaf padşahı;
21 Taanak padşahı; Megiddo padşahı;
22 Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı;
23 Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı;
24 Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi.