< Yeşua 11 >
1 Xasor padşahı Yavin bunu eşidəndə Madon padşahı Yovava, Şimron padşahına, Akşaf padşahına,
2 şimalda – dağlıq yerlərdəki, Kinneretin cənubunda olan Aravadakı, yamaclı-düzənlikli bölgədəki və qərbdə yerləşən Nafot-Dordakı padşahlara,
3 şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi.
4 Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər.
5 Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular.
6 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan».
7 Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər.
8 Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar.
9 Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı.
10 O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi.
11 Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu.
12 Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi.
13 Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar.
14 İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı.
15 Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi.
16 Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları,
17 bütün Negevi, bütün Qoşen diyarını, yamaclı-düzənlikli bölgəni, Aravanı və İsrailin dağlıq və yamaclı-düzənlikli bölgəsini aldı. Onların bütün padşahlarını tutdu və vurub öldürdü.
18 Yeşua uzun müddət bu padşahlarla vuruşdu.
19 Giveonun əhalisi olan Xivlilərdən başqa İsrail övladları ilə sülh bağlayan başqa bir şəhər yox idi. Bütün yerlər döyüşlə alınmışdı.
20 Çünki Rəbbin Musaya əmr etdiyi kimi İsraillilər onları rəhm etmədən tamamilə məhv etdilər. Beləliklə, İsraillilərə qarşı döyüşə çıxmağa onların ürəyini sərtləşdirən Rəbbin Özü idi.
21 O vaxt Yeşua gedib dağlıq Xevronda, Devirdə, Anavda, bütün Yəhudanın dağlıq bölgəsində və bütün İsrailin dağlıq bölgəsində olan Anaqlıları qırıb məhv etdi. Yeşua onları şəhərləri ilə birgə tamamilə yerlə yeksan etdi.
22 İsrail övladlarının torpağında Anaqlılar qalmadı, onlar ancaq Qəzzədə, Qatda və Aşdodda qaldı.
23 Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı.