< Yəhya 8 >
1 Lakin İsa Zeytun dağına getdi.
2 Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı.
3 İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb
4 İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı.
5 Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?»
6 Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı.
7 Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın».
8 Sonra yenə əyilib yerə yazı yazdı.
9 Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi.
10 İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?»
11 Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
12 Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».
13 Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil».
14 İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz.
15 Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm.
16 Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir.
17 Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır.
18 Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir».
19 Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız».
20 İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.
21 Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz».
22 Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?»
23 İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm.
24 Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz».
25 Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam.
26 Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm».
27 İsanın onlara Ata barədə danışdığını anlamadılar.
28 Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram.
29 Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm».
30 İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
31 O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz.
32 Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».
33 Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?»
34 İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.
35 Kölə evdə daim qalmaz, oğulsa daim qalar. (aiōn )
36 Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız.
37 İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır.
38 Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz».
39 Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.
40 Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.
41 Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır».
42 İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi.
43 Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz.
44 Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır.
45 Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.
46 Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız?
47 Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
48 Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?»
49 İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız.
50 Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var.
51 Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». (aiōn )
52 Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. (aiōn )
53 Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»
54 İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz,
55 lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm.
56 Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi».
57 Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?»
58 İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».
59 O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.