< Yoel 3 >
1 O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman
2 Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər.
3 Xalqım üçün püşk atdılar, Oğlan uşaqlarını fahişə əvəzinə verdilər, İçki içsinlər deyə Qızları şəraba satdılar».
4 «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.
5 Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız,
6 Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız.
7 Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.
8 Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi.
9 «Millətlər arasında bunu elan edin: Döyüşə hazırlaşın, İgidləri qızışdırın, Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.
10 Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin. Qoy zəif olan “güclüyəm” desin.
11 Tələsin, ey hər tərəfdəki millətlər, Gəlin və toplaşın. Ya Rəbb, igidlərini oraya endir.
12 Millətlər hərəkətə gələrək Yehoşafat vadisinə çıxsın, Çünki hər tərəfdəki bütün millətləri Mühakimə etmək üçün orada oturacağam.
13 Oraq çalın, Çünki məhsul yetişib. Gəlin ayağınızla əzin, Çünki üzümsıxanlar doludur, Təknələr daşır. Çünki onların pisliyi böyükdür».
14 Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!
15 Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir.
16 Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq.
17 «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək.
18 O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq.
19 Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq.
20 Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək.
21 Onların tökdüyü qanları İndiyə qədər bağışlamamışam, Lakin bundan sonra bağışlayacağam. Rəbb Sionda məskən salır».