< Əyyub 35 >
1 Elihu sözünü belə davam etdirdi:
2 «Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən?
3 Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?”
4 Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm.
5 Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara.
6 Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
7 Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür?
8 Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür.
9 İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir.
10 Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah?
11 O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”.
12 Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir.
13 Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir.
14 Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə.
15 İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır.
16 Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır».