< Əyyub 32 >
1 Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi.
2 Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı.
3 Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar.
4 Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi.
5 Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.
6 Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız. Ona görə çəkindim, Bildiyimi sizə söyləməyə qorxdum.
7 Dedim “qoy danışsın çox uzun ömür sürənlər, Qoy hikmət öyrətsin çox illərin şahidləri”.
8 Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
9 Hikmət yaşda olmaz, Ədaləti dərk etmək yaşa baxmaz.
10 Ona görə deyirəm ki, məni dinləyin, Qoy mən də bildiyimi söyləyim.
11 Siz danışarkən mən gözlədim, Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.
12 Bütün diqqətimi sizə tərəf çevirdim, Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz, Onun dediklərinə cavab vermədiniz.
13 Əsla deməyin ki, hikmət tapmışıq, Haqsızlığını insan yox, Allah ona sübut etsin.
14 Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm, Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.
15 Onlar məəttəl qaldılar. Artıq cavab tapmadılar. Deməyə sözləri qalmadı.
16 Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi?
17 Amma deməyə sözüm var, Mən də bildiyimi söyləyim.
18 Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır,
19 Az qalır açılmamış şərab kimi, Təzə tuluqlar kimi bağrım çatlasın.
20 Qoy danışım, rahatca nəfəs alaram, Dil açıb cavab verim.
21 Heç kimin tərəfini saxlamayacağam, Heç kimə yaltaqlıq etməyəcəyəm.
22 Çünki yaltaqlıq nədir bilmərəm, Yoxsa Yaradanım məni yox edər.