< Əyyub 28 >
1 Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var.
2 Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır.
3 İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
4 İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
5 Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
6 Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var.
7 Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib.
8 Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib.
9 Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır.
10 Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır.
11 Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır.
12 Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
13 İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz.
14 Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”.
15 Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz.
16 Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
17 Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir.
18 Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır.
19 Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz.
20 Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı?
21 O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır.
22 Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”.
23 Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir.
24 Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür.
25 Küləyin gücünü təyin edəndə, Suları ölçəndə,
26 Yağışa qanun qoyanda, Şimşəyə yol açanda
27 Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı.
28 İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».