< Əyyub 24 >
1 Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir? Niyə Onu tanıyanlar hökm günlərini görmür?
2 İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır.
3 Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür.
4 Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.
5 Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır.
6 Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.
7 Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.
8 Dağlara yağan yağışdan islanırlar, Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,
9 Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar.
10 Bu yazıqlar paltarsız, çılpaq dolanır, Qarınları acdır, amma taxıl dərzləri daşıyır.
11 Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar.
12 Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.
13 Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir.
14 Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir.
15 Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir.
16 Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir, bilmir.
17 Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti onların aşnasıdır.
18 Amma onlar su üzərində köpüyə bənzər, Torpaqdan lənət payı alar, Üzüm bağlarına qayıtmazlar.
19 Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. (Sheol )
20 Onları ana bətni unudar, Qurdlar üçün ləziz yem olar, Bir də onları heç kim yada salmaz, Haqsızlıq bir ağac kimi sınar.
21 Çünki sonsuz qadınlara yamanlıq edərlər, Dul qadınlara yaxşılıq etməzlər.
22 Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar, Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.
23 Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar, Amma onlar gedən yollara göz qoyur.
24 Qısa müddətə ucalır, sonra da yox olurlar. Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar, Sünbül kimi dərilib yığılırlar.
25 Əgər belə deyilsə, Yalançı olduğumu kim sübut edə bilər? Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»