< Əyyub 20 >
1 Naamatlı Sofar belə cavab verdi:
2 «Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam.
3 Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
4 Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri
5 Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər.
6 Boyu göylərə çatsa da, Başı buludlara dəysə də,
7 Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək.
8 Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq.
9 Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək.
10 Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək.
11 İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq.
12 Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də,
13 İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da,
14 Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək.
15 Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq.
16 Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək.
17 Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək.
18 Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.
19 Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı.
20 Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz.
21 Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək.
22 Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq.
23 Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək.
24 Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək,
25 Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək.
26 Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq.
27 Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq.
28 Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq.
29 Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur».