< Əyyub 19 >
1 Əyyub belə cavab verdi:
2 «Nə vaxtadək məni üzəcəksiniz, Məni sözlə əzəcəksiniz,
3 On dəfədir ki, məni təhqir edirsiniz, Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.
4 Həqiqətən, azıb yanlış yola düşmüşəmsə, Səhvim öz üstümdə qalır.
5 Özünüzü, həqiqətən, məndən üstün tutursunuz, Eybimi üzümə vurursunuz.
6 Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı.
7 Budur, “Zorakılıqdır!” deyə bağırıram, Bir cavab verən yoxdur, Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.
8 Keçə bilmirəm, yollarıma sədd çəkilib, Yollarımı qaranlığa salıb.
9 Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb.
10 O məni hər tərəfdən yıxdı, əldən gedirəm, Ümidimi ağac kimi kökündən qopartdı.
11 Mənə qarşı qəzəbi od tutub yandı, Məni Özünə düşmən saydı.
12 Orduları üstümə gəlir, Mənə qarşı torpaq qalağı düzəldir, Çadırımın ətrafında ordugah qurur.
13 Qardaşlarımı məndən uzaqlaşdırdı, Tanışlarım mənə yad oldu.
14 Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub.
15 Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam.
16 Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram.
17 Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir.
18 Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar.
19 Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır.
20 Bir dəri, bir sümük qalmışam, Ölüm kandarına çatmışam.
21 Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu!
22 Niyə məni Allah kimi qovursunuz? Niyə mənim ətimdən doymursunuz?
23 Kaş ki sözlərim yazılaydı, Kitaba köçürüləydi,
24 Dəmir qələmlə, qurğuşunla Əbədi qalmaq üçün bir qayaya həkk olaydı.
25 Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq.
26 Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.
27 Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür!
28 Mənim üçün “Bəs onu necə qovaq? Bədbəxtliyin kökü ondadır” desəniz,
29 Qılıncdan qorxmalısınız, Çünki qılınc cəzası qəzəblə gəlir. Onda ədalətin var olduğunu görəcəksiniz».