< Əyyub 17 >
1 Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir.
2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür.
3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun?
4 Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan.
5 Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.
6 Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər.
7 Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı.
8 Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır.
9 Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir.
10 Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram.
11 Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü.
12 Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir.
13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, (Sheol )
14 Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm,
15 Ümidim hara gedər? Mənim ümidimi kim görər?
16 Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» (Sheol )