< Əyyub 15 >
1 Temanlı Elifaz belə cavab verdi:
2 «Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı?
3 Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı?
4 Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan.
5 Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan.
6 Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir.
7 İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan?
8 Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan?
9 Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
10 Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar.
11 Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi?
12 Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır?
13 Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır?
14 İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi?
15 Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə,
16 Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
17 Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim –
18 Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri.
19 O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi.
20 Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir.
21 Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir.
22 İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər.
23 “Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər.
24 Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.
25 Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub.
26 Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir.
27 Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər,
28 O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.
29 Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək.
30 Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq.
31 Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq.
32 İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək.
33 Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.
34 Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar.
35 Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar».