< Əyyub 14 >
1 Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur.
2 Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
3 Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
4 Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!
5 İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur.
6 Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin.
7 Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz.
8 Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da,
9 Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər.
10 Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar.
11 Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi
12 İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz.
13 Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın. (Sheol )
14 İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
15 Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən.
16 O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan.
17 Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən.
18 Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi,
19 Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən.
20 Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan.
21 Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
22 Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur».