< Əyyub 13 >
1 Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi.
2 Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram.
3 Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım.
4 Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz.
5 Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz.
6 İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin.
7 Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz?
8 Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
9 O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
10 Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər.
11 Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi?
12 Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz.
13 Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin.
14 Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün.
15 Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
16 Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
17 Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
18 Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm.
19 Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram.
20 Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim:
21 Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma.
22 Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə.
23 Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir.
24 Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən?
25 Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan?
26 Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
27 Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan.
28 Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm.