< Yeremya 39 >
1 Yəhuda padşahı Sidqiyanın padşahlığının doqquzuncu ilinin onuncu ayında Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin qarşısına gəlib şəhəri mühasirəyə aldı.
2 Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.
3 Babil padşahının bütün başçıları – Nerqal-Sareser, Samqar-Nevo, baş məmur Sarsekim, baş məsləhətçi Nerqal-Sareser və bütün başqa əyanlar içəri girib Orta darvazada oturdu.
4 Yəhuda padşahı Sidqiya və bütün döyüşçülər onları görəndə gecə vaxtı şəhərdən, padşah bağçası yolundan, iki divar arasındakı qapıdan çıxıb qaçdılar və Aravaya üz tutdular.
5 Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi.
6 Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü.
7 Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi.
8 Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular.
9 Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi.
10 Keşikçilər rəisi Nevuzaradan xalqdan heç bir şeyi olmayan bəzi yoxsulları Yəhuda torpağında saxladı, həmin gün onlara üzümlüklər və zəmilər verdi.
11 Babil padşahı Navuxodonosor Yeremya barədə keşikçilər rəisi Nevuzaradana əmr edib dedi:
12 «Onu aparıb yaxşı bax, pis rəftar etmə. Özü sənə nə desə, onu elə».
13 Keşikçilər rəisi Nevuzaradan, baş məmur Nevuşazban, baş məsləhətçi Nerqal-Sareser və Babil padşahının başqa əyanları adam göndərib
14 Yeremyanı mühafizəçilər həyətindən gətirdilər və evinə aparmaq üçün Şafan oğlu Axiqam oğlu Gedalyaya tapşırdılar. O da xalqın arasında yaşamağa başladı.
15 Mühafizəçilər həyətində məhbus ikən Yeremyaya Rəbbin bu sözü nazil olmuşdu:
16 «Get Kuşlu Eved-Melekə söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm. O gün bunlar sənin gözlərin önündə baş verəcək.
17 Ancaq o gün səni xilas edəcəyəm” Rəbb belə bəyan edir. “Qorxduğun adamlara təslim edilməyəcəksən.
18 Bəli, Mən səni xilas edəcəyəm, sən qılıncla həlak olmayacaqsan. Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin” Rəbb belə bəyan edir».