< Yeremya 2 >
1 Mənə Rəbbin sözü nazil oldu: «Get Yerusəlimə ucadan elan et ki,
2 Rəbb belə deyir: “Mən sənin cavanlığındakı mehrini, Gəlin olanda məhəbbətini, Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım.
3 Onda İsrail Rəbbə həsr olunmuşdu Və Onun məhsulunun nübarı idi. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir.
4 Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları, Rəbbin sözünü eşidin,
5 Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular.
6 Daha demədilər ki, Misir torpağından bizi çıxaran, Səhrada, uçurumlarla dolu boz çöllərdə, Ölüm kölgəsində qalan quraq torpaqda, Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı Diyarda gəzdirən Rəbb haradadır?
7 Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz.
8 Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”.
9 Buna görə Rəbb belə bəyan edir: “Mən yenə sizinlə çəkişəcəyəm, Mən övladlarınızın övladları ilə də çəkişəcəyəm.
10 Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu?
11 Bir millət allahlarını dəyişdirdimi? Əslində onlar allah deyil. Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi.
12 Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin” Rəbb belə bəyan edir.
13 “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.
14 Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu? Bəs nə üçün qarət malı oldu?
15 Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar. Ölkəsini viran etdilər. Şəhərləri yandı, bir nəfər sakin qalmadı.
16 Nof və Taxpanxes sakinləri sənin başını yardı.
17 Səni yolla aparan Allahın Rəbbi tərk etməklə Bu işi öz başına gətirmədinmi?
18 Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən?
19 Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir.
20 “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin.
21 Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun?
22 İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də, Yenə günahın önümdə ləkə kimi qalacaq” Xudavənd Rəbb belə bəyan edir.
23 “Axı necə deyə bilərsən ki, murdar olmadım, Baal bütlərinin ardınca getmədim? Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi,
24 Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar.
25 Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin: ‹Xeyr, olmaz! Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›.
26 Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar.
27 Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər.
28 Bəs özün üçün düzəltdiyin bütlərin haradadır? Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər. Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda!
29 Nə üçün Mənimlə çəkişirsiniz? Hamınız Mənə qarşı üsyan etdiniz” Rəbb belə bəyan edir.
30 “Övladlarınızı nahaq yerə cəzalandırdım, Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb-çatan aslan kimi Peyğəmbərlərinizi tələf etdi”.
31 Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin: “Məgər Mən İsrail üçün bir səhra oldum? Yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, Bir daha Sənə tərəf gəlmərik?
32 Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət Məni unutdu.
33 Oynaşlarının ardınca düşməkdə nə qədər mahirsən. Ən pis arvadlar belə, səndən dərs ala bilər.
34 Sənin ətəklərin öldürdüyün Məzlum, günahsız adamların qanına bulaşıb, Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bununla belə,
35 Sən deyirsən: ‹Mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›. Bax Mən səni mühakimə edəcəyəm, Çünki günah etmədiyini söyləyirsən.
36 Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.
37 Oradan da əllərinlə başını tutub çıxacaqsan, Çünki bel bağladıqlarını Rəbb rədd etdi, Onlarla uğur qazana bilməyəcəksən”.