< Yeremya 14 >
1 Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.
2 «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır.
3 Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər.
4 Ölkədə yağış olmadığı üçün Torpaq cadar-cadar oldu. Əkinçilər utanır, Başlarını örtür.
5 Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur.
6 Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur».
7 Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik.
8 Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?
9 Nə üçün çaşmış adam, Qurtarmağa gücü çatmayan İgid kimi olmusan? Ancaq Sən aramızdasan, ya Rəbb. Biz Sənə məxsusuq, Bizi tərk etmə.
10 Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».
11 Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə.
12 Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».
13 Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”».
14 Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır.
15 Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq.
16 Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.
17 Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.
18 Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”».
19 Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir.
20 Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik.
21 Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal.
22 Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin.