< Yeremya 10 >
1 Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli!
2 Rəbb belə deyir: «Başqa millətlərin yolu ilə getməyin, Göy əlamətlərindən qorxmayın, Bunlardan başqa millətlər qorxur.
3 Çünki xalqların adətləri boş şeydir. Meşədə ağac kəsirlər, Usta əli kəski ilə onu düzəldir.
4 Sonra qızıl-gümüşlə bəzəyirlər, Çəkiclə, mıxla bərkidirlər ki, Yerindən tərpənməsin.
5 Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq».
6 Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır.
7 Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur.
8 Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!
9 Tarşişdən döyülmüş gümüş, Ufazdan qızıl gətirilir. Ustanın və zərgərin əli ilə düzəldilən bütə Bənövşəyi və tunc qırmızı paltar geyindirilir. Hamısı bacarıqlı toxucu işidir.
10 Ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, Hiddətinin qarşısında Millətlər dura bilməz.
11 Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».
12 Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı.
13 O gurlayanda göylərdəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır.
14 Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur.
15 Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar.
16 Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir.
17 Ey sən mühasirəyə alınan şəhərdə yaşayan, Şələ-küləni yerdən yığışdır.
18 Çünki Rəbb belə deyir: «Mən bu dəfə ölkənin sakinlərini Sapandla kənara atacağam. Onları dara salacağam ki, Düşmən əlinə keçsinlər».
19 Əzabıma görə vay halıma! Yaram sağalmaz. Ancaq mən dedim: «Həqiqətən, bu mənim dərdimdir, Mən də ona dözməliyəm.
20 Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı.
21 Çünki xalqın çobanları ağılsız oldu, Rəbdən soruşmadılar. Buna görə də uğur qazanmadılar, Bütün sürüləri dağıldı.
22 Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin.
23 Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
24 Mənə cəza ver, ya Rəbb, Ancaq qəzəbinlə yox, ədalətinlə. Yoxsa məni heçə çıxardarsan.
25 Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi».