< Yaqub 3 >
1 Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.
2 Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.
3 Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk.
4 Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür.
5 Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır!
6 Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. (Geenna )
7 Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir.
8 Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
9 Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik.
10 Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.
11 Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı?
12 Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz.
13 Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.
14 Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin.
15 Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir.
16 Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.
17 Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
18 Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.